Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.
İlk öncə minnətdarlıq hissi ilə qeyd edilməlidir ki, dövlət başçısının müntəzəm dəstəyi və qayğısının nəticəsi olaraq, yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.
Ötən müddət ərzində ümumtəhsil məktəblərinin 142 mindən artıq müəlliminin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılaraq əməkhaqları artırılmış, bölgələrdəki məktəblərə 2015-2017-ci illərdə 11 mindən çox müəllimin göndərilməsi pedaqoji kadrlara olan ehtiyacın ödənilməsində mühüm rol oynamışdır.
Görülmüş tədbirlərlə əlaqədar vaxtilə təhsilin keyfiyyəti baxımından fərqlənməyən bir sıra rayon və şəhərlərdə son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas müəssisələrinə qəbulda müəyyən müsbət dəyişikliklər müşahidə olunmaqdadır.
Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, tam orta təhsilin təmayülləşdirilməsi, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində pilot layihə və müsabiqələrin təşkili, məktəb-valideyn, məktəb-ali məktəb əlaqələrinin möhkəmləndirilməsi, yerli təhsil orqanları və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlərin aparılması, ölkədaxili fənn olimpiadaları sisteminin yenidənqurulması sayəsində uğurların yüksəlməsi, dünya fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında şagirdlərimizin davamlı olaraq mükafata layiq yerlər tutması, beynəlxalq qiymətləndirmələrdə müsbət göstəricilərin ilbəil artması, yaradıcı fəaliyyətin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübələrin üzə çıxarılmasına xidmət edən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin, həmçinin pedaqoji mühazirələrin keçirilməsi, eləcə də 2017-2018-ci dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi ümumi təhsilin keyfiyyətinin daim diqqətdə saxlanmasının real nümunəsidir.
Bütün bunlarla yanaşı, həmçinin qeyd edilməlidir ki, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələr irəli sürülür və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsi tələb olunur.
Qeyd olunanları nəzərə alaraq, 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunsun.
2. 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq aşağıdakı kimi müəyyən edilsin:
2.1. Fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi.
2.2. Məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi.
2.3. Məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik köməklik göstərilməsi.
2.4. İbtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması.
2.5. Şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi. Şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili.
2.6. Yerlərdə yaradılmış “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı”nın keçirilməsi.
2.7. Azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin hər bir şagird tərəfindən dərindən dərk olunması istiqamətində məqsədyönlü işlərin davam etdirilməsi, esse, inşa, bədii qiraət, rəsm və mahnı müsabiqələrinin, şagird təqdimatlarının, müzakirələrin təşkili.
2.8. Məktəblərdə Azərbaycan dövlətinin, ölkə prezidentinin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı ehtiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən ordu quruculuğu barədə şagirdlərə yaş səviyyələrinə uyğun davamlı məlumatların çatdırılması.
2.9.Tədris prosesində və dərsdənkənar vaxtlarda “Unutsaq unudularıq” başlığı üzrə Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, o cümlədən qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri, vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi, müasir dövrümüzün tanınmış elm, incəsənət, ədəbiyyat, təhsil xadimləri, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə görüşlərin təşkili.
2.10. Hüquq-mühafizə və səhiyyə orqanlarının məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq, insan alverinin qurbanları, alkoqollu içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların fəsadları, internetdən təhkükəsiz istifadə və zərərli məlumatlardan mühafizə və sair bu kimi mövzularda şagirdlərlə maarifləndirici tədbirlərin təşkilinin təmin edilməsi.
3. Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunsun.
4. Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilsin.
5. 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələr “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr edilsin.
Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) pedaqoji mühazirələrin təşkili, keçirilməsi və yekunlaşdırılması ilə bağlı aidiyyəti sənədlərin vaxtında hazırlanıb yerlərə çatdırılmasını təmin etsin.
6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki:
6.1. Təhsil şöbələri (idarələri) və ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid fəaliyyət planlarına qeyd edilən istiqamətlər üzrə tədbirlərin daxil olunmasını və həyata keçirilməsini təmin etsinlər.
6.2. Ümumtəhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakını nəzərdə tutsunlar.
6.3. Təsdiq olunmuş qrafik əsasında şura iclaslarında məktəb rəhbərlərinin həmin istiqamətlər üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə hesabatlarını dinləyib müvafiq qərarlar qəbul etsinlər.
6.4. 2019-cu ilin fevral-mart ayları ərzində müəyyən edilmiş proqram üzrə məktəb rəhbərlərinin, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon (ümumşəhər) konfransı keçirib ən yaxşı məruzə və çıxışların yerli KİV-lərdə işıqlandırılmasını, müsbət təcrübələrin məktəblərdə yayılmasını təmin etsinlər.
6.5. Əmrin icrası ilə əlaqədar 2018-ci ilin dekabr, 2019-cu ilin may aylarında Nazirliyə müvafiq tədbirlərin yerinə yetirilməsini təsdiq edən materiallar əlavə olunmuş arayış göndərsinlər.
7.Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) bu əmrlə nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin yerinə yetirilməsi sahəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə əməli köməklik göstərsinlər, dərs ili ərzində seçmə yolla onların hesabatlarını dinləyib müvafiq təkliflər hazırlasınlar.
8.İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, həmçinin həyata keçirilən tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
9.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 avqust 2018-ci il
Комментариев нет:
Отправить комментарий