9 May - Faşizm üzərində Qələbə Günü
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və
dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin
özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı
həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik
nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və
1124 özünümüdafiə dəstəsi təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox
azərbaycanlı cəbhəyə yollanıb.
Azərbaycan
diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-a yaxın həmyerlimiz
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf"
ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif
orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil
Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə,
generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov
və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni
sətirlər yazıblar.
Həmin vaxt Azərbaycan iqtisadiyyatının cəbhə yoluna keçirilməsi
məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə
başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun bir növ ən mühüm cəbbəxanasına
çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq
cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava
flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə
neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5
milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni
təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75
milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.Qətiyyətlə
demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən
biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər
beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.İkinci Dünya müharibəsi
Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
Azərbaycan müstəqillik qazanandan sonra da İkinci
Dünya müharibəsinin iştirakçıları dövlət qayğısı və diqqətindən kənarda
qalmadılar. Dövlət başçısı hər il onlara maddi yardım verilməsi ilə bağlı
sərəncam imzalayır. Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli
sərəncamı ilə 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000
manat, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla
təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin
arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun
və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə
görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad
şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi
yardım verilib.
Комментариев нет:
Отправить комментарий