Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya
gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən
sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq
fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa
imkan verməmişdir.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları
Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan
Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə
göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali
təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il
(1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Sovetiyanında
Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri
vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə
SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən
general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev
Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi,
kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə
böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən
biri olmuşdur.
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci
çağırışlar) deputatı,[18] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr
müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[19] Azərbaycan
SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur. Sov.İKP
MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK
Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
vəzifəsindən öz ərizəsi ilə istefa verdi.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il)
Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək,
Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda
Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan
Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal
iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilmişdir.
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda
Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə
prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə
vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər
Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli
hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət
etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin
mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı,
dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək
cəhdlərinə son qoyuldu.
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər
dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq"
yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan
neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft
şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi
zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan
ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi
və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə
Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks
etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament
seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması,
Azərbaycanda ölüm cəzasının ləğv olunması,
"Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların
qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə
bağlıdır.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın
yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini
toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Heydər Əliyev 15 may 2001-ci il tarixli
fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə
bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və
akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir
daha yüksək səviyyədə təsdiqləmişdir.
Heydər Əlyevin
təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya
Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun
fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi
qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə
razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar
seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev
2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş,
dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Комментариев нет:
Отправить комментарий